Boynubükük lalə



Bir az önə əyili, bir az qəmgin,
Bir yetim Lalə bitmişdi yol qırağında.
Lalələrdən ayrı düşüb bura sən
Gəlib çıxmışdın kimin sorağına?

Bir yetim lalə bitmişdi yol qırağında,
Bir az gözdən iraq, bir az da tozlu.
Yorğun lalədə həvəs yoxdu daha,
Boynubükük idi, həm də ki yolçu.

Hardan gəlmişdin bura,
Hardan düşmüşdü toxumun
Bu izsiz yol kənarına?
Lalələrdən ayırıb,
Səni kim gətirmişdi bura?

Bəlkə taleyin oyunuydu bu,
Bəlkə də bitmək istədiyin yer varıydı?
Harda bitmək istəyirdin?
Bəlkə
Bir izsiz məzarın qoynuydu bu?

Bir yetim lalə bitmişdi yol kənarında...
Bu lalə,
Yetimlərin laləsiydi,
Ahıydı, naləsiydi
Yetimlərin...

Bir lalə bitmişdi yol kənarında...
Bir də ordan keçəndə mən
Çoxdan itmişdi lalə
Yol kənarından...

Yorumlar

Popular

Ölü evi - Hekayə - Aqil BƏKİR